Əliyev Zaur
Müharibənin başlamasını mən səhər saatlarında öyrəndim. Ağır artilleriyanın partlayış səsləri məni vahiməyə saldı. Çox qəribə idi, sanki ətrafımdakıların hamısı həm də sevinirdi. “Kaş ordumuz dayanmasın”, – deyirdilər
Biz Bərdədə yaşayırıq, valideynlərim I Qarabağ müharibəsi zamanı Ağdamdan qaçqın düşüblər. Ermənilər müharibənin ilk günlərindən döyüş bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tuturdular. Oktyabr ayının 4-dən etibarən isə mənfur düşmən Bərdəyə raket zərbələri endirməyə başladı.
Oktyabrın 27-si Bərdə rayonunun Qarayusifli kəndində raket atdılar. Hadisə nəticəsində 8 yaşlı Aysun həyatını itirdi.
28 oktyabr isə ən dəhşətli gün oldu. Mən nənəmgilə getmişdim. Saat təxminən 13:30 idi, birdən çox güclü partlayış səsi eşitdik. Sanki qulaqlarım batdı. Evin qapı-pəncərələri çırpılaraq taybatay açıldı. Hamımız özümüzü itirdik. Nə baş verdiyini anlamadıq. Mən əllərimlə başımı tutub yerə yıxıldım. Partlayış səsləri yenidən eşidildi. Nənəm həyəcanla qışqırdı. Hamımız narahat idik. Çünki atam işdə, əmim isə bazarda idi. Eşitdik ki, rayonun müxtəlif yerlərinə düşən kassetli bombalar nəticəsində həddən artıq ölən və yaralananlar var. Hamı hadisə baş verən yerlərə qaçırdı ki, kömək edə bilsinlər. Mən də onlara qoşulub hadisə yerinə tərəf qaçdım. Şokda idim. Hər gün meyvə-tərəvəz aldığımız satıcı oğlan tikə-tikə, tanınmaz halda idi. Yanmış maşınlar, dağılmış binalar, qan içində olan insanlar. Donub qalmışdım. Heç yadımdan çıxmayan səhnə maşının içində əlində əmzik şüşəsi paramparça olmuş gənc ananın görüntüsü idi.
Eşitdiyim səs: “Bu uşağı buradan uzaqlaşdırın!” Məni kim necə apardı, bilmədim. İndi də o dəhşət beynimdə, ruhumda canlanır. Bu ermənilərin törətdiyi terrorun mənim şahidi olduğum bir gün idi. İstəməzdim ki, uşaqlar bir də belə mənzərələr görsünlər, mənim yaşadığımı yaşasınlar. Bu dəhşət idi. Silah görməyən, əlinə silah almayan bir uşağın ömür boyu unutmacağı vəhşilik.
Çox təəssüf ki, dünyanı bölə bilməyən dövlətlər həmişə belə nahaq qanlar tökürlər.
Rədd olsun erməni vandalizmi!!!
Rədd olsun müharibə!!!
Var olsun Sülh!!!!
Əliyev Zaur
Bərdə şəhər Nizami Gəncəvi adına
2 nömrəli beynəlmiləl tam orta məktəbi – X sinif