Əliyeva Səma
Mən, Səma Əliyeva, müharibəyə 2 dəfə şahidlik etmiş uşaqlardan biriyəm. Daha öncələr sosial şəbəkələrdə, televizorda erməni vadalizmini gördükcə bu cəlladlara qarşı nifrətim get-gedə artırdı. Lakin bu hadisələrə nə canlı şahidlik etmişdim, nə də yaşamışdım. 2016 və 2020-ci illərdə isə bu vandalların törətdiyi hadisələrin canlı şahidi oldum və sizinlə də yaşadıqlarımı bölüşmək istəyirəm.
2020-ci il sentyabr ayının 27-si səhər saat 06:08 idi. Oyandığım 20 dəqiqə olardı ki, ağır top səsləri eşitməyə başladım. Səslər getdikcə artırdı. Hamı kimi mən də təşvişə düşmüşdüm. Valideynlərim bizi tez bir zamanda maşına oturtdular və yaşadığımız Ağdam rayonun Mahrızlı kəndindən uzaqlaşmağa çalışdıq. Çünki hər an top mərmisinin qurbanı ola bilərdik. Yolda saya bilmədiyim qədər maşın var idi. Maşını olmayanlar isə yola çıxıb piyada qaçmağa çalışırdılar. Elə həmin anda Xocalı faciəsində yaşananlar gözümün önündə film kimi canlandı. Ailəmlə cəbhə xəttinə yaxın yerləşən kəndimizdən uzaqlaşdıq. Bu vaxt cəsur əsgərlərimizin döyüş meydanına getdiklərini gördüm. Onlar yanımızdan keçəndə dəstək olmaq üçün onlara əl edirdik. Qəhrəmanlarımızdakı ruh yüksəkliyini gördükcə qorxu hissim azalırdı. Gözlərindən sanki: “Biz gedirik, əliboş geri dönməyəcəyik, bizə güvənin!” sözlərini oxuyurdum. Əlbəttə, bu müddət ərzində onlarla hərbi tibbi yardım maşınlarının sürətlə keçdiyinə də şahid olduq… Allaha sadəcə yaşamaları üçün dua edirdik. 4 günün sonunda artıq bütün cəbhəboyu ərazilər atəşə tutulduğundan ailəm bizi Bakıya göndərdi. Yaşadığım yerə bir daha qayıtmamaq hissi məni çox qorxudurdu, lakin qəhrəman ordumuzu xatırladıqca ürəklənirdim.
İlk dəfə Prezidentimiz Füzulinin azad olunduğunu xalqa bəyan edəndə sevincimdən qışqırmışdım. Müharibənin son gününə qədər həm qorxu, həm sevinc, həm də təlaş hissləri keçirdim. Ailəm cəbhə xəttini tərk etməmişdi. Mənfur ermənilərin hətta cəbhə xəttindən uzaq yerlərə (Bərdə, Gəncə, Mingəçevir) raket atdıqlarını eşidəndə məni dəhşət bürüdü. Sanki içimə bir hiss dolmuşdur ki, düşmənin mənfur əməlləri bizdən də yan keçməyəcək.
Oktyabr ayının 17-dən 18-ə keçən gecə evimiz erməni vandallarının atəşinə tuş gəldi. Xəbəri eşidəndə ürəyim sürətlə çırpınmağa başladı. Çünki 14 ildir yaşadığım, uşaqlığımın keçdiyi ev, nifrətimin əsas hədəfi olan erməni vandalları tərəfindən atəşə məruz qalmışdı. O evlə bərabər bütün xatirələrim yox oldu. Körpəliyim, uşaqlığım itdi. Olanlar ancaq yaddaşımda qalanlar oldu. Qoyub gəldiyim evin mənim üçün əziz olan xatirələrimin yuva saldığı yerlər dağıldı. Yatağım əbədi yuxuya getdi. İndiyə kimi olanlarımı itirdim. Müharibə təkcə evləri dağıtmır ki, xatirələri də məhv edir. Dövlətimizin yardımı ilə evimiz yenidən bərpa olundu və maddi yardım göstərildi. Amma o ev həmin ev olmadı. Yaddaşım hər zaman o evimizi axtaracam. Mənə doğma olan evimizi.
8 Noyabr səhər tezdən televizorda Prezident Cənab İlham Əliyev, Ulu Öndərimiz Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra öz çıxışında Şuşanın azad olunduğunu bəyan etdi. 2 gün sonra isə gecə üçtərəfli müqavilə imzalandı. Hər şey sona çatdı, eyni zamanda da hər şey yenidən başladı.
Əlbəttə, mən də psixoloji sarsıntılar yaşadım. Sanki hər şeyin yenidən təkrarlanacaq hissi məni tək buraxmırdı. 27 Sentyabr səhərinin qorxusu hələ də mənimlədir. Lakin hal-hazırda X sinif şagirdiyəm və bu qorxunun artıq keçib getdiyini anlayıram. Yaşıdlarıma tövsiyə edərdim ki, qorxmasınlar. Çünki qalib ordumuz daim bizi qoruyur. Allah da onları qorusun. Və demək istərdim ki, ermənilərin təkcə 44 günlük müharibədə törətdikləri vəhşilikləri deyil, illər əvvəl törətdikləri əməlləri də unutmasınlar və dünya ictimaiyyətinə çatdırsınlar. Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibə müddətində bütün çıxışlarında ermənilərin törətdikləri soyqırımları ön plana çəkirdi. Bu əməllərə dünyanın göz yumamasını deyirdi. Prezidentimizin səyi nəticəsində dünyanın gözü açıldı. Biz də gələcəkdə savadlı kadrlar olaraq ölkəmizi dünyada layiqincə təmsil etməliyik. Buna görə də dərslərimizə ciddi yanaşmalı, tariximizi öyrənməliyik.
Mən, Vətən müharibəsinin balaca şahidlərindən biri, Səma Əliyeva olaraq xahiş edirəm ki, şahidlik etdiyim bu dəhşətə izləyici kimi qalmayasınız.
Əliyeva Səma
Ağdam rayonu Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbi –
X sinif