Abbasova Gülbəniz
“Müharibə uşaqların gözü ilə”. Bu söz adi bir söz deyil. Bu söz çox dərin məna kəsb edir. Biz artıq bir dəfə aprel döyüşlərinin şahidi olmuşuq. Müharibənin nələrə səbəb olduğunu böyüklərimizdən eşidib, dərsliklərdən öyrənmişdik.
Mən öz ailəmlə gözəl və xoşbəxt uşaqlığımı yaşayırdım. 27 sentyabr səhər saatlarında birdən möhkəm səs eşitdim. Yerimdən durub tez həyətə qaçdım. Anam mən tərəfə gəlib qorxma elə-belə səsdir, deyib məni sakitləşdirməyə çalışırdı. Ancaq böyüklərin üzündə bir təşviş var idi. Müharibənin başladığını mən anamın gözlərindəki həyəcandan hiss etdim. Atam qapını açmaq üçün həyətə qaçarkən, anam da yatağında yatmış balaca bacımı götürüb həyətə qaçdı. Biz maşına oturub kənddən uzaqlaşmağa çalışırdıq. Kəndin yaxınlığına hərbi texnikalar yerləşdirilmişdi. Kənddən yaşlılar və uşaqlar uzaqlaşdırılırdı. Ətrafı uşaqların ağlama səsi bürünmüşdü. Hər kəs qorxu və həyəcan içində idi. Kənddən uzaqlaşmaq çox çətin idi. Mərmilərin səsindən qulaq tutulurdu. Biz xalamgili də götürüb kənddən çıxdıq. Geridə əzizlərimizi qoyub gedirdik. Mən ağlaya-ağlaya, tez-tez geriyə baxırdım. Çünki atam kənddə qalmışdı. Biz həmin gün Hindarx qəsəbəsində bir evdə məskunlaşdıq. Burada hamı həyətə toplaşmış, elə hey ağlayırdı. Saatlar keçmək bilmir, ancaq getdikcə güllə səsləri artırdı. Biz iki gün burda qaldıq. Anam məni çox çətinliklə də olsa Bakıya getməyə razı saldı. Günlər ötüb keçirdi, müharibə isə davam edirdi. Bir gün səhər qonşumuzun həyətinə mərmi düşdüyünü, ətrafda yanğın olduğunu eşitdik. Biz atama görə çox narahat idik. Nəhayət, atamla danışdıqdan sonra bir az sakitləşdik.
Xəbərləri anbaan izləyirdik. Gəncə və Bərdə terroru, ailəsini itirən körpə uşaqlar, övladlarını itirmiş valideynlər, sönən işıqlar və dağılan ailələr. Bu müharibənin qoyduğu və heç bir zaman unudulmayan dəhşətli izləri idi.
Vəziyyət getdikcə ağırlaşırdı. Biz səhər anamla telefonla danışdığımız zaman möhkəm gürultu səsi eşidildi. Həmin zaman əlaqə tamam kəsildi. Bir neçə saat anamgil ilə əlaqə qura bilmədik. Biz çox qorxduq. Birdən telefon zəngi eşidildi və bibim çox sevincək “çox şükür, min şükür” deyərək otaqdan çıxdı. Zəng edən anam idi. Onun səsini eşidəndə sevincimdən ağladım. Anamgil sığındığı yerdə artıq qala bilmirdilər. Yağışlı havada, yollarda qalmaq çox çətin idi. Anam balaca bacımı da Bakıya göndərib özü kəndə qayıtdı. Vaxt keçdikcə, azad olunmuş torpaqlarımızın xəbərini eşitmək bizi sevindirirdi. Lakin bir yandan isə kənddə qalan anam və atama görə çox narahat idim. Beləcə, günlər ötdü. Darıxırdım. Atam-anam, doğma evimiz üçün. Ayrı düşmək çox ağır imiş. Həqiqətən, bunların hamısı vətəndə birləşir. Ona görə vətən sevilir.
Nəhayət, 8 noyabr “Şuşa” igid ordumuz sayəsində işğaldan azad edildi. Ondan iki gün sonra isə artıq Cənab Prezidentin çıxışını gördük. Budur, qələbə qazandıq, müharibə bitdi. Mən sevincli idim. Valideynlərimin yanına qayıdıb onları möhkəm-möhkəm qucaqlamaq üçün çox tələsirdim. Nə qədər sevinsək də, bir o qədər də kədərli idik. Çünki minlərlə şəhidimiz var idi. Biz azad yaşayaq deyə onlar canlarından keçdi. Qəhrəmancasına döyüşdülər və şəhidlik zirvəsinə yüksəldilər. Dillərə dastan oldular.
Vətənimizin unudulmaz igid oğullarının qarşınızda baş əyirik!
Abbasova Gülbəniz
Ağdam rayonu Samir Abdinov adına
Zəngişalı kənd tam orta məktəbi – X sinif