Bayramova Fidan
Qanlı günlərin şahidlərindən biri də mənim ailəm və yaxınlarım oldu. O, günlərin təsirindən hələ də çıxmamışam. 44 günlük müharibə tək mənim deyil, bütün ailə üzvlərimin yaddaşında silinməz izlər buraxdı. O gün hələ də gözümün önündən getmir.
Səhər saatları idi. Otağımda yazı yazırdım. Birdən o dəhşətli səsi və titrəyişi duydum. Tez anamgilin yanına qaçdım. Valideynlərim mənim həyəcanımı hiss edib qorxmamağımı söylədilər. Mən və kiçik qardaşım qorxumuzu valideyinlərimizə bəlli etməmək istəsək də, onlar bunu anlayıb dərhal bizi evdən çıxartdılar. O partlayış sanki göz qırpımında baş verdi. Dəhşətli partlayış yenidən eşidildi. Ancaq bu dəfəki daha dəhşətli idi, həm də dəfələrlə təkrar olundu. Bizim evimiz də bina evi olduğu üçün bu titrəyiş daha çox hiss olundu. Hamı bir-birinə kömək etməyə çalışırdı. Bu dərd hamının dərdi, hamının ağrısı idi. Elliklə gələn idi. Heç kəs bilmirdi ki, bu faciə sabah kimin başına gələcək. Hər şey mümkün idi. Erməni kimi bir düşmən nələr desən edə bilərdi. Ona görə hamı bir idi. Dərdi də, sevcinci də. Qələbənin də əsası bu birlikdə idi. Əslində, dərd adamları birləşdirir, doğmalaşdırır. Həmin günkü ürək döyüntümü, həyəcanımı, yaşadıqlarımı heç kimin yaşamasını arzulamıram. İnsanlar çıxılmaz vəziyyətdə ev-eşiklərindən çıxır, sığınacaq bir yer axtarırdılar. Sığınacaqdan, uzaqdan evinə baxmağın özü də bir faciədi. Amma ayrı yol yox idi. Hər an raket atıla bilərdi.
Allaha çox şükürlər olsun ki, bizim yaşadığımız ərazi dağıntılara məruz qalmadı. Amma nə fərqi var ki, əziz və doğma şəhərim Gəncəyə atılan raket hamı kimi bizi də göz yaşlarına boğdu. Neçə-neçə günahsız insanlar, körpələr həyatlarından oldular. O insanlar üçün dualar etdik, bacardığımız qədər ehtiyacı olanlara köməklik göstərdik. Allah o günləri xalqımıza, millətimizə bir daha yaşatmasın.
Xalqımızın 30 illik həsrətinə son qoyan möhtəşəm Qələbə günü üçün Ali Baş Komandanımız İlham Əliyev Cənablarına, ruhları qarşısında baş əydiyim unudulmaz, qəhrəman şəhidlərimizə və qazilərimizə borcluyuq.
Nəhayət, o möhtəşəm zəfər gününü sevinclə və hamılıqla qeyd etdik. Mən də öz növbəmdə xalqımın bir vətəndaşı olaraq gələcəkdə yiyələnəcəyim sənətdən asılı olmayaraq getdiyim və ya olduğum hər yerdə erməni vandalizminin dəhşətlərini yaşamış bir insan kimi bu vəhşiliklər haqqında dünya ictimaiyyətinə əlimdən gələn qədər məlumatlar çatdıracağıma söz verirəm. Günahsız insanların nə ahı, nə də ki, qanları yerdə qalmadı.
Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!
Bayramova Fidan
Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbi – X sinif