Cəfərzadə Aysu
14 iyul 2020-il idi. Evimizdə hər kəsin üzündə səbəbini bilmədiyim bir hüzn vardı. Bu zaman televizordan eşitdiyim xəbər məni çox sarsıtdı. General Polad Həşimov və bir neçə yüksək rütbəli hərbçilərimiz erməni təxribatı nəticəsində Tovuz istiqamətində qəhrəmancasına şəhid olublar. Ermənilərə qarşı nifrət və intiqam hissim daha da artdı.
Sentyabrın 27-i idi. Hələ yuxudan oyanmamışdım. Qəfil anamın həyəcanlı səsini eşitdim. Təyyarələrin səsinə hamı çölə qaçdı.
44 günlük zəfər tarixi başlanmışdı.
Atam I Qarabağ müharibəsi iştirakçısı, həm də I qrup əlildir. Atəş səsləri eşidilən kimi atam bizi həyətimizdə əvvəlcədən qazılmış səngərə səslədi. Azyaşlı qardaşım qorxudan ağlayırdı. Bir az sonra bir polis vəziyyətin ciddi olması ilə bağlı kəndi tərk etməyimizi söylədi. Biz kənddən çıxmağa məcbur olduq. Axşam saatlarında aparıcının sevinc göz yaşları ilə Cəbrayıl və Fizulinin bir neçə kəndinin azad edildiyini söyləyərkən, atamın sevinc göz yaşlarını heç vaxt unutmayacağam.
Ayın 29-u atama zəng gəldi, onun üz ifadəsinin dəyişdiyini gördük. Səbəbini soruşanda isə düşmənin atığı mərmilərdən birinin evimizin qarşısına düşdüyünü, evimizə ziyan dəydiyini öyrəndik. Əvvəl bir az kədərləndik. Təbii ki, 2012-ci ildən qurub-yaratığımız ev ciddi ziyan görmüşdü. Pəncərələr, qapılar, dam örtüyü, darvaza və bəzi məşiət əşyaları yararsız hala düşmüşdü. Ancaq sonra keçirdiyimiz qürur hissi təəssüf hissini üstələdi. Çünki bizim evə bəzi ziyanlar dəydi, ancaq qarşılığında düşmən tapdağı altında torpaqlarımız ordumuz tərəfindən geri qaytarıldı. Bizim üçün bundan böyük sevinc nə ola bilərdi?! Tək bizim üçün yox, bütün Azərbaycan xalqı üçün.
44 günlük müharibədə o qədər müxtəlif hisslər keçirdim ki, sözlə anlatmaq belə çətindi. Həm qürur, həm də hüzn vardı içimdə. Hər gün gələn şəhid xəbərləri, hər gün bir ananın oğul fəryadı insanın içini parçalayırdı. Bundan əlavə cəbhəyə könüllü yazılan əmim oğlunun ön cəbhəyə çağrılması, xalam oğlunun döyüşlərin qızğın nöqtəsində olması və ən əsası ailəmizin ən böyük itkisi – nənəmizi itirməmiz bizim üçün çox ağir idi. Yaşlı və xəstə olduğu üçün evdən bir qədər uzaqda olmaq, keçirdiyi hisslər ona yük oldu. Oktyabrın 17-i ölüm xəbərini eşitdik. Bu xəbər və bütün olanlar, stresslər atamın da xəstə düşməsinə səbəb oldu. Ancaq bu müharibə bütün çətinliklərə baxmayaraq bizə çox böyük sevinc və qürur hissi də verirdi.
Ali Baş Komandamızın verdiyi xoş xəbərlər və nəhayət 8 noyabr Şuşanın azad olunması xəbəri bütün Azərbaycan xalqına, eləcə də bizim böyük sevincimizə səbəb oldu. O sevinc hissini xatırladıqca gözlərim hələ də dolur.
Bu müharibə həm də Azərbaycan xalqının nə qədər qonaqpərvər, yardım etməyi sevən olduğunu, hər zaman hansı şəraitdə olursa-olsun bir-birinə kömək göstərdiyini sübut etdi. Belə ki, bu müharibə dönəmində biz tanımadığımız 2 fərqli insanların ailəsində bir neçə gün qonaq olduq. Bizi o qədər səmimi qarşıladılar, bizə o qədər yaxşı baxırdılar ki, azərbaycanlı olduğumuz üçün fəxr edirdim. Bu təsadüfi tanışlıqlar o qədər gözəl oldu ki, onlarla indi də əlaqəmiz kəsilməyib. Bu müharibə bizlərə çox şey öyrətdi.
Fürsətdən istifadə edərək buradan bütün həmyaşıdlarıma səslənirəm ki, birlikdə erməni vandalizmini bütün dünyaya tanıtmaq üçün əlimizdən gələni əsirgəməyək.
Cəfərzadə Aysu
Ağdam rayon Müşviq Hüseynov adına Əhmədağalı kənd tam orta məktəbi –
X sinif