Hüseynzadə Canan
27 sentyabr 2020-ci il mənim üçün unudulmaz tarix oldu. Biz evimizdə idik. Səhərə yaxın güclü səslər eşitdik. Müharibə ərəfəsində saysız-hesabsız qorxularım oldu. Həm yaxınlarımın qorxusu, həm cəbhədə döyüşən əsgərlərimiz və çoxlu başqa qorxular. Bilmirdim ki, içimdəki həyəcanlı sualların hansına cavab verim. Həmin ərəfədə səslər artıq çox yaxından eşidilirdi. İnsan həm qorxub uzaqlaşmaq istəyir, həm də evini qoyub gedə bilmir. Amma uzaqlaşmağa məcbur idik. Vandal ermənilər dayanmadan doğma şəhərimizi, evimizi, məktəbimizi, bir sözlə hər tərəfi güllə-boran edirdilər. Əlimizdən isə heç nə gəlmirdi, bizə dua etmək qalırdı. İnanın ki, həmin vaxt insan hər şeyi unudur. Özünlə götürəcəklərini belə unudursan. Biz maşınımızla yaxın qohumumuzgilə getdik. Təkcə xalam bizimlə gəlmədi. Çünki o həkim idi, vəzifə borcunu yerinə yetirirdi. Etdi də. Nə qədər yaralı əsgərlərimizə köməklik etdi. Həm bir həkim, həm də bir insan kimi. Yaxınlarımızdan isə bir neçə nəfərin evi dağılmışdı. Onlara əlimdən sadəcə təskinlik vermək gəlirdi.
Evimiz dağıntılara məruz qaldı. Bu xəbəri eşitmək çox üzücü idi. Demək olar ki, yox vəziyyətində idi. Həyətimizə düşən mərmilər yaşayış yerimizi çox pis vəziyyətə salmışdı. Bunlar elə bir hisslər idi ki, onu hər hansısa bir dəftərə, kitaba sığdırmaq qeyri mümkün idi. Bunu ancaq yaşayanlar bilər. Mən heç kəsə bu acı hissləri yaşamağı arzu etmirəm. Nənəm baş verən bu hadisələrdən qorxmuşdu. Çünki o, əvvəlki müharibəyə öz gözləri ilə şahidlik etmişdi. Əlbəttə, bunları yaşayan hər kəs, o cümlədən mən də ağır psixoloji travma yaşadım. Gözlərimın önündə doğma şəhərim alt-üst olmuşdu. Mən valideynlərimin dəstəyi, köməyi nəticəsində psixoloji durumumu yaxşılaşdırdım. Müharibənin ağrılarını, yaşadıqlarımı indi yavaş-yavaş unutmağa çalışıram. O anları unutmaq çox çətindir. Heç vaxt görmədiyini yaşayan uşaq sarsıdıcı zərbədən gec ayılır. Bu ağrını istəmərəm kimsə yaşasın.
Bu ağır günləri görən qəhrəman Tərtər şəhərinin sakini kimi bütün dünyadakı yaşıdlarıma onu deyə bilərəm ki, onlar müharibə zamanı özlərini itirməsinlər. Çalışsınlar ki, soyuqqanlı davransınlar. Mən erməni vandalizmini dünya ictimaiyyətinə XX əsrin ən böyük faciəsi olan Xocalı faciəsi haqqında danışmaqla, Qafqazın Hiroşiması adlanan Ağdamdan canlı reportajlar təqdim etməklə, Füzuli və Cəbrayılın alt-üst olmuş evlərini video-çarxla təqdim etməklə, Qafqazın
Konservatoriyası sayılan Şuşadakı tarixi binaların dağıdılması, məşhur Azərbaycan ziyalılarının heykələrinin güllə-baran olduğunun şəklini çəkməklə, bunları dünyanın nüfuzlu muzeylərində sərgiləməklə çatdırardım. Ermənilərin necə pis qonşu, təcavüzkar millət olduğunu göstərərdim.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Hüseynzadə Canan
Tərtər şəhər Şikar Şikarov adına
5 nömrəli tam orta məktəbi – XI sinif