İsmayılov Elgün
27 sentyabr 2020-ci il səhər saat 07:00-da partlayış səsinə yuxudan oyandim. Atam və anam həyətdə mal-qaranı rahatlayırdılar. Bu güclü partlayış səsindən sonra atamgil təlaşla evə tərəf qaçdılar. Mənə qorxma deyib, təskinlik verdilər. Mən isə hər şeyi dərk edirdim. Başa düşürdüm ki, bədnam qonşularımız artıq quduzlaşıb. Bir anda hər yeri artilleriya silahlarının səsləri bürüdü. Döyüş təyyarələri səmada görünməyə başladı. Hamı təlaş içərisində idi. Valideynlər uşaqlarını sakitləşdirməyə çalışırdılar. Kənddə çaxnaşma yaranmışdı. Mən də bu çaxnaşmadan həyəcanlanırdım. Buna baxmayaraq qoca nənəmin atəş səslərindən qorxduğunu görən zaman ona “qorxma nənə, qorxma” deyərək sakitləşdirirdim.
Bu müharibə bizim rayonda və kənddə çox böyük dağıntılara səbəb oldu. Bizim təhsil aldığımız Mehman Qarayev adına Qaraağacı kənd tam orta məktəbi də ciddi dağıntıya məruz qaldı. Kəndimizə düşən mərmilər evləri dağıtdı, mal-qaralara, təsərrüfata ciddi ziyan vurdu.
İsmayılov Elgün
Tərtər rayonu Mehman Qarayev adına Qaraağacı kənd tam orta məktəbi –
XI sinif