Məmmədova Aydan
44 günlük vətən müharibəsi hər birimizin yaddaşına silinməz izlərlə daxil oldu. Müharibənin səbəb olduğu hadisələrin, qətlə yetirilən günahsız insanların, qadın, uşaq, qocaların acınacaqlı vəziyyətinin şahidlərindən biri də mənəm. Mən, müharibə zonasında, Bərdə rayonunda yaşayıram. Mənfur düşmənin vəhşiliyi günahsız insanların, hər şeydən xəbərsiz körpələrin qadağan olunmuş silahlarla qətlə yetirilməsində özünü biruzə verdi.
Müharibə qələbəmizlə başa çatsa da, itkilərimiz də çox oldu. İlk dəfə Bərdəyə raket atılan gün heç vaxt yadımdan çıxmayacaq. Qorxudan nə etdiyimi bilmirdim, həyəcan içərisində ağlayırdım. O an yanımda balaca bir qızın qorxudan qışqıraraq titrədiyini gördüm. Öz qorxumu unudub, sanki böyük bir insan kimi onu sakitləşdirmək üçün gözlərimdə yaş gülümsəyərək hər şeyin yaxşı olacağına inandırmağa çalışırdım. Həmin gün biz Bərdədən çıxdıq. Amma hər an vəziyyətlə bağlı məlumat alırdıq. Çıxmazdan əvvəl Tərtərə edilən atəş zamanı bir qadının ayaqyalın ağlaya-ağlaya küçəmizin başından qaçdığını gördüm. Babamdan kömək istədi. Həmin qadını evimizə gətirib müharibə bitənədək burada qala biləcəyini söylədik. Şahidi olduğum 2-ci hadisə isə bəlkə də böyük bir əsərin mövzusu ola bilər.
Marşrutda bir qadın və balaca qızını gördüm. Həmin gün 5 yaşı tamam olacaq qıza tort sifariş verəcəkdilər. Qızın atası əsgər idi. Qız anasına deyirdi ki, mənim tortumun üzərinə “AZƏRBAYCAN” sözünü yazdırarıq. Bax budur vətənpərvərlik, budur qalib ölkənin məğrur vətəndaşı və müharibənin balaca şahidi…
Balaca qızın o düşüncəsi məni həm sevindirdi, həm də kədərləndirdi. Ayağa qalxaraq qızın üzündən öpdüm. Və onun gələcəkdə vətənpərvər bir insan olacağına inandım.
İtkilərimizə baxmayaraq Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu düşməni məhv elədi. Və dünya ictimaiyyətinə xalqımızın birliyini, ordumuzun gücünü göstərdi.
İndi Qarabağımızda tikinti quruculuq işləri sürətlə davam edir. Bu dəhşətli müharibənin balaca şahidi kimi Azərbaycanımızın gələcəyinə, Cənab Prezidentimizə və yenilməz ordumuza inanıram. Bu qələbə üçün onlara, şəhidlərimizə və qazilərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin!
Eşq olsun ordumuza, eşq olsun xalqımıza. Ulu Öndərin müdrik kəlamını xatırlatmaq istərdim: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”
Məmmədova Aydan
Bərdə şəhər Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbi – X sinif