Məmmədova Hürü
27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Biz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədik, qamətimizi düzəltdik, illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik, nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına həll edərək aradan qaldırdıq.
Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik məhrumiyyətə cəmi 44 günə son qoydu. Tariximizə yeni səhifə yazıldı.
30 il ərzində Ermənistan rəhbərliyi “Güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “Yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradıldı və bu ordunun gücü döyüş meydanında göründü. Bütün hərbi resuslarını itirən, döyüşdə uduzduğunu görən düşmən xilas olmaq üçün müxtəlif vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan ordusu isə onların cavabını döyüş meydanında verdi.
“Qəhrəman şəhər” adı alan Gəncə mənfur düşmən tərəfindən müxtəlif vaxtlarda, müxtəlif saatlarda raket atəşinə məruz qaldı. Düşmən bu hücumları məqsədli şəkildə edirdi. Onlar düşünürdü ki, biz qorxub doğma şəhərimizi tərk edəcəyik. Ancaq onların istədiyi olmadı. Qəhrəman ordumuz kimi, qəhrəman Gəncə sakinləri də bu mübarizədə uduzmadı. Hücumlar zamanı 27 nəfər şəhid oldu, 125 nəfər yaralandı. Ölən və yaralanlar arasında azyaşlılar da oldu.
Dəhşətli cinayətlərdən biri 17 oktyabr 2020-ci il gecə saat 02:00 radələrində baş verdi. Hadisə şahidlərindən biri kimi deyə bilərəm ki, hadisələr hamı kimi mənə də psixoloji təsir göstərdi. İlk zamanlar qorxsam da, bu qorxu məni daha da cəsurlaşdırdı. Düşmənimizi daha yaxşı tanımağıma imkan yaratdı. Anladım ki, düşmən hər zaman düşməndir. Baş verən hadisələr mənə Xocalını xatırlatdı.
Doğma binalara, obyektlərə baxanda yarımçıq qalmış arzuları, sönmüş çıraqları gördüm. Özümə söz verdim ki, bu cinayətləri heç vaxt unutmayacaq, daim düşmənə nifrəti hissi ilə yaşayacağam.
Gəncə də, Bərdə də bu dəhşətli hadisələrin şahidi oldu. Burada körpələrinin cəsədlərini qucaqlarına alaraq fəryad edən ataların səsini heç vaxt unutmayacağam! Zərbələr nəticəsində yaralanmış, başlarının, üzlərinin qanı axan, lakin düşmənə mərdliklə gülümsəyən uşaqların simalarını unutmayacağam! Bu dəhşətləri sakitliklə seyr edən, həmişə türk xalqlarına edilən, cinayətləri görmək istəməyən kar, kor, lal Beynəlxalq təşkilatların da ədalətsizliyini unutmayacağam!
“Dost dar gündə tanınar”, – deyiblər. Dar gündə dostlarımızı da yaxşı tanıdıq, düşmənlərimizi də! Qardaş Türkiyə, Pakistan, İsrail dövlətlərinin dəstəyini də gördük, bizi arxadan vuran düşmənlərimizi də!
Dünyaya, BMT-yə, Avropa Şurasına, ATƏT-ə – hər kəsə demək istəyirəm:
– Nə üçün bu cinayətkarı durdurmaq istəmədiniz, nə üçün 30 ildə törədilmiş misli görünməmiş cinayətləri görmək istəmədiniz? Cəzasız qalmış azğın düşmən cinayətlərinin sayını daha da artırdıqca, onlara dur demədiniz!
Onu da bilirəm ki, Türk olduğumuz üçün, müsəlman olduğumuz üçün baş vermiş cinayətləri görmək istəmədiniz. Gec də olsa, ədalət hər zaman öz yerini tapır. Xeyir hər zaman şərə üstün gəlir!
Məmmədova Hürü
Gəncə şəhər 17 nömrəli tam
orta məktəbi – XI sinif