Məmmədova Nazpəri
Salam. Mən 44 günlük vətən müharibəsinin balaca şahidiyəm. Müharibə itki, dağıntı, qorxu, dəhşət deməkdir. Ən çox zərər çəkən də dinc əhali olur. Nankor düşmənlərimiz 30 il idi torpaqlarımızı zəbt etmişdilər. Xalqımız bu illəri həsrətlə yaşadılar.
27 sentyabr səhər saat 6 radələrində ilk top atəşinin səsinə gözümüzü açdıq. İçimdə həm qorxu, həm də güvən hissi vardı. Qorxu açılan silahların səsi, güvən isə ordumuza olan inam hissi idi. Müharibənin nə olduğunu bilən, o acıları yaşayan valideynlərim bizim üçün narahat olmağa başladılar. İstəmədilər ki, biz də onların yaşadıqlarını yaşayaq. O dəhşət bizim də yaddaşımıza hopsun. Tez-tez o anları xatırlayaq. Ona görə də təhlükəsiz yerə – Bərdəyə getdik. Atam belə vaxtlarda “dərd bizimlə yol yoldaşıdı” deyirdi. Onun dediyini uşaq vaxtı anlamırdım. İndi anlamağa başladım. Düşmən burada da dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edərək, əhali arasında təşviş yaradırdı. Yadımda qalan hadisələrdən biri də Bərdəyə atılan kasetli bombalar nəticəsində dinc əhalinin həlak olması, mülki infrastruktur obyektlərin, nəqliyyat vasitələrinin yararsız hala düşməsi idi. Yaşadığımız qəsəbə dağılmış, sakinlər yaralanmışdılar. İnsanların bu halı mənə çox pis təsir edirdi. Şəhid olanların doğmalarının ah-naləsi, yaralıların sızıltı səsı indi də qulağımdan getmir. Adamı bu halda az da olsa sakitləşdirən insanlarımızda olan vətənpərvərlik hissinin çox güclü olması idi. Müəyyən qurumlar bizə ərzaq verir, maddi-mənəvi dəstəklə yanımızda olurdular.
44 gün boyunca daima Ali Baş Komandanımızın çıxışlarını izləyirdik. Yeni ərazilərimiz azad olduqca, sevinc göz yaşlarını saxlaya bilmirdik. Həmin dövrdə psixoloji sarsıntılar da keçirdim. Ən böyük dəstəyim isə ailəm, Ali Baş Komandan və müzəffər ordumuzun göstərdiyi şücaət idi.
Həmyaşıdlarıma isə demək istəyirəm ki, vətənimizi, torpağımızı, xalqımızı sevin. Unutmayın ki, müharibə həm ön, həm də arxa cəbhədə gedir. İnformasiya müharibəsi sayəsində dünya dövlətləri bir daha erməni vəhşiliklərini öz gözləri ilə görüb, şahidi oldular.
Vətəndən, torpaqdan pay olmaz. Kecirdiyimiz hissləri isə nə unuda, nə də unutdura bilərik. Bizə qələbə sevincini yaşadan ordumuza nə qədər təşəkkür etsək də yenə azdır.
Şəhidlərimiz üçün ən dəyərli təşəkkür isə onları unutmamaq olacaq. Artıq Vətən həsrəti bitdi. Bu inşanı yazarkən göz yaşlarım məni boğurdu. Yenidən həmin anlara qayıtdım. Ulu öndərin məşhur kəlamı yadıma düşdü: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!!!”
Məmmədova Nazpəri
Ağdam rayonu Baharlı II qəsəbə
tam orta məktəbi – X sinif