Məmmədova Qaratel
“Müharibə!” Bu söz necə dəhşətli səslənirsə, həmin şəraitdə yaşamaq da o qədər dəhşətlidir. 27 sentyabr 2020-ci il səhər saat 7 radələrində erməni qəsbkarları tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində müharibə başladı. Həmin saatlarda biz ailəlikcə evdə öz işimizlə məşğul idik. Cəbhə bölgəsinə yaxın yaşadığımız üçün tez-tez atəşkəs pozulurdu. Düşmən kəndimizi top atəşinə tuturdu. İgid əsgərlərimizın cavab atəşi sayəsində düşmən susdurulurdu.
Bu dəfə ilk atəş səsi eşidəndə təxmin etdik ki, yenə eyni hal olacaq, lakin vaxt keçdikcə atəş səsləri getdikcə şiddətlənirdi. Valideynlər öz uşaqlarının təhlükəsizliyini təmin etmək üçün onları yaşadıqları yerdən çıxarırdılar. Biz də təhlükəsizliyimizi təmin etmək üçün evimizi tərk etməyə hazırlaşdıq. Və mən öz əşyalarını hazırlayıb maşına qoydum. Sonra anamgilə kömək edib əşyalarımızı maşına yüklədik və biz yaşadığımız yeri tərk etdik. Yola çıxanda çox şeylərlə qarşılaşdıq. Kimisi yolun qırağında maşında oturmuş, kimisi də piyada gedirdi. Bizim təhlükəsizliyimizi təmin etmək məqsədi ilə dövlətimiz bizi cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrində yerləşdirirdi. Və biz Bərdə rayonun Əyricə kəndində məskunlaşdıq.
Müharibə dövründə biz orada qaldıq. Ermənilər dayanmadan yaşayış yerlərimizi atəşə tuturdular, ordumuz isə onların cavabını layiqincə verirdi. Hər dəfə atəşkəs rejimi elan edildikdə mənim atam və anam evimizə gəlib baxırdılar. Bir gün atamgil evimizdə olanda ermənilər yenidən atəş açmağa başladılar. Həmin an atamgil evimizi tərk etdilər. Müharibə dövründə öz yaşadığı yeri tərk edənlərə qonşumuz dedi ki, qaçmaqla bir şey olası deyil, alnımıza nə yazılıbsa, o da olacaq. Bir gün erməni silahlı qüvvələrinin atdığı topdan biri həmin qonşumuzun evinə düşdü və qonşumuz şəhid oldu. Biz hər il evini tərk etməyən qonşumuzu anırıq və onunla fəxr edirik. Həmin gün günorta radələrində atama zəng gəldi ki, evin yanına top düşüb, amma evə çox zərər dəyməyib. Mən bu xəbəri eşidəndə qorxdum. Çünki bizim evimizə düşməzdən əvvəl atam və anam orada idilər. Bir an düşündüm ki, atam və anam orada olan zaman düşsə idi, hər şey ola bilərdi. Dövlətimiz qaçqın düşmüş insanlara yardımlar göstərirdi.
Mən müharibə zamanı çox qorxdum. Qorxurdum ki, XX əsrin 90-cı illərində olduğu kimi yenə ermənilər yaşadığımız yerləri işğal edər. Amma bu dəfə ordumuz onlara imkan vermədi. Əsgərlərimiz işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından azad etdilər. Mənim ailəm keçmişdə bu hadisələri yaşadıqları üçün qorxmurdular.
Anamla oturub danışanda həmişə keçmişdən danışırdı və sonda da deyirdi ki, Allah o günləri heç kimə yaşatmasın. Artıq mən də bu hadisələri yaşadığım üçün deyirəm ki, gələcək nəsillərin heç biri bu hadisələri yaşamasınlar. Həmişə mənim müəllimim bizə deyirdi ki, uşaqlar, ermənilərdən bizə heç vaxt dost, qardaş ola bilməz, onlardan uzaq durun. Böyüdükcə anlayıram ki, sülh, əmin-amanlıq istəyirsənsə, mütləq güclü olmalısan. Çünki müasir dövrdə ədalət gücün yanındadır!
Məmmədova Qaratel
Ağdam rayonu 91 nömrəli
tam orta məktəbi – X sinif