Məmmədova Xoşqədəm
O günlər… O günlərə bir daha geri dönmək istəmirəm. Həyatımda ilk dəfə raket hücumunu bu 44 günlük müharibədə gözümlə gördüm. Sanki qorxulu bir yuxu idi. Müharibənin yeni başlayan ərəfələri idi. Erməni mənfurlarının Gəncəyə raket atacaqlarını ağlımın ucundan belə keçirmirdim. Həmin günlərdə evdə ailə üzvlərimdən yalnız atam idi.
Mən Gəncə şəhərində yaşayıram. 4 oktyabr 2020-ci il, bazar günü idi. İlk raket atılan ərazidən raket atılmamışdan 15-20 dəqiqə əvvəl keçmişdim. Anidən göy gurultusundan da sərt bir səs gəldi və çox qorxdum. O qədər qorxmuşdum ki, artıq danışa bilmirdim, sanki lal olmuşdum. Yaxşi ki, hansısa yaxınım, tanışım həmin ərazidə yaşamırdı.
İnsanın həyatında elə hislər olur ki, onu nə unutmaq olur, nə də yada salmaq. Qurtula da bilmirsən. O anın təlaşını, qorxusunu, hislərini sözlə ifadə etmək mümkün deyil. Çünki onlar sözə, yazıya sığmır. O hisləri bir də yaşamaq istəmərəm. Müharibənin balaca şahidi olaraq anladım ki, insan özünü hər şeyə hazırlamalıdır. Hazır olmalıdır.
Yaşıdlarıma tövsiyəm bu olardı:
– Çalışın həmin an özünüzü ələ alın, ətrafinızdakıları sakitləsdirib təsəlli verin.
Böyüklər mənə I Qarabağ müharibəsi zamanı keçirdikləri hissləri, həyəcanları danışanda mənə qorxulu gəlirdi. Ancaq II Qarabağ müharibəsindən sonra böyüklərin keçirdiyi hiss və həyəcanı qismən də olsa anladım.
Ermənilərin belə vandalizmi təsadüfi deyildir. Onlar tarix boyu gözlərini bizim torpaqlara dikmişdilər. Birinci Qarabağ müharibəsində Qarabağımızı işğal edən ermənilər Qarabağdakı tarixi abidələrimizi, tikililərimizi və s. dağıtmışdılar.
1992-ci il 26 Fevral Xocalı soyqırımını törətmişdilər. Nə qədər qadını, qocanı, uşağı vəhşicəsinə qətlə yetirmişdilər. İkinci Qarabağ müharibəsində isə Gəncəyə raket atmaqla bir çox insanın həyatına son qoydular, uşaqlar valideynsiz, valideynlər isə övladsız qaldı.
Ermənilərin vandalizmini dünyaya necə çatdırardım? Əvvəlcə dağılan əraziləri, sonra isə orda şəhid olmuş həmvətənlərimin şəkillərini və məzarlarını göstərərdim. Ermənilərin necə işğalcı, ən böyük qatil olduqlarını göstərərdim. Həmin hadisələrin şahidi olmuş bir insan kimi səsimi dünyaya çatdırardım. Həmin o 44 günlük müharibə mənə sübut etdi ki, bizim ordumuz qüdrətli, əsgərlərimiz igid və cəsurdu. Müharibədə çox itkilər verdik. Xalqımız neçə-neçə qəhrəman oğulları çiyinlərində son mənzilə yola saldı. Bu itkilərdən məndə dərin iz buraxan sevimli müəllimim, məktəbimizin riyaziyyat müəllimi, hər kəsin istəklisi Rabil İsmayilovun şəhid olması oldu. O, yaşadığı müddətdə məktəbdə qələmi ilə, müharibədə silahı ilə öz sözünü dedi. Mən onunla fəxr edirəm! Fəxr edirəm ki, mən şəhid şagirdiyəm və hamının yanında fəxrlə deyirəm ki, mən şəhid Rabil müəllimin sevimli şagirdi olmuşam.
Xalqımızın əzmi, əsgərlərimizin şücaəti və Ali Baş Komandanımızın “Dəmir Yumruq” siyasəti ilə bu qələbənin sevincini daddıq. Bu sevinci bizə yaşadan, öz qanları ilə tarix yazan şəhidlərimizə, bu müqəddəs yolda sağlamlıqlarını itirən qazilərimizə, əsgərlərimizə və Ali Baş Komandanımıza borcluyuq.
Məmmədova Xoşqədəm
Gəncə şəhər Mikayıl Müşfiq adına
14 nömrəli tam orta məktəbi – X sinif