Məmmədzadə Jalə
2020-ci ilin 26 sentyabr! Çox həzin bir payız gecəsi idi. Həmişəki kimi biz bacımla daha erkən yatmaq üçün otağımıza çəkildik. Səhər erkən durub dərslərimizə bir də baxmalı idik. Səhəri bütün yaşıdlarımız kimi daha işıqlı, daha gözəl, daha sevinc dolu qarşılamaq üçün şirin-şirin xəyallar ilə yuxuya getdik. Gecənin bir aləmində, təxminən saat 2-3 radələrində anamın həyəcanlı səsi bizi yuxudan oyatdı. Biz bacımla oyanar-oyanmaz atılan mərmi və raket səsləri bizi ağzımızı açmağa qoymadı. Anam “Qızlar, tez olun, tez olun geyinin”, – deyərək ora-bura qaçırdı. Elə bu vaxt yaxınlıqda partlayan bir mərmi pəncərəmizin şüşələrini cilik-cilik etdi. Atam bizi bibimlə birgə qonşumuz Akif babanın mikroavtobusu ilə yola saldı. Akif baba məhləmizin uşaqlarını və qadınlarını maşına doldurub atəş səsi gələn yerlərdən uzaqlaşdırmağa çalışırdı. Hara getdiyimizi heç özümüz də bilmirdik. Ancaq nə yazıq ki, atəş səsləri səngimək bilmirdi ki, bilmirdi.
Biz qəsəbədən xeyli uzaqlaşdıq. Anam və atam isə evdə qaldılar. Onların evdən çıxmaq fikri yox idi. Lakin qəsəbənin boşaldılması, yəni bütün mülki insanların müvəqqəti köçürülməsi ilə bağlı tapşırıqdan sonra anam sənədlərimizi və bir az ərzaq, paltar götürərək evdən çıxmağa məcbur oldu. Biz qəsəbədən xeyli uzaq Bərdənin Şirvanlı kəndində bir küçədə dayanmışdıq. Atam gəlib bizi ordan götürdü. Biz qəsəbimizdən xeyli uzaqlıqda, İmanqulu qəsəbəsində yaşayan bibimgilə getdik. Bibimgildə bizdən başqa daha 4 ailə məskunlaşmışdı. Yatmağa yer belə yox idi. 5 ailəni ərzaq ilə təmin etmək o qədər çətin idi ki, ancaq atam və digər qohumlar vəziyyətdən çıxmaq üçün əllərindən gələni edirdilər. Təki düşmən torpaqlarımızdan qovulsun, təki qələbəmiz təmin olunsun, təki insanlarımız mərmisiz, topsuz bir həyata qovuşsunlar. Biz orda cəmi 3 gün qala bildik. Düşmənin atdığı müxtəlif çaplı mərmi və raketlər bir neçə yaşayış evini darmadağın etdi. Biz ordan da uzaqlaşmalı olduq. Yola düşən zaman yol boyu sıralanan maşın karvanını mən heç bir zaman unutmayacağam. Çünki istəsəm belə unuda bilmərəm. Mən özüm də belə bir mənzərəni heç vaxt görməmişdim. Ancaq əvvəlki kimi içim qan ağlamırdı. Cünki müzəffər ordumuz bir-birinin ardınca qələbələr qazanır, düşmənin başını “DƏMİR YUMRUQ” ilə əzirdi. Artıq çəkdiyimiz əziyyətin fərqində belə deyildik. Ordumuz döyüş meydanında göstərdiyi şücayət bizi daha da ruhlandırırdı. Biz indi də Bərdə rayonunda bir ailə dostumuzun evinə getməli olduq. Bu dönəmlərdə hamı bir- birinə dəstək olmağa çalışırdı. Çox təəssüf ki, biz orada da çox qala bilmədik. Mənfur düşmən Bərdə rayonunu da qadağan olunmuş silahlardan atəşə tuturdu. Ölənlərin və yaralalanların sayı durmandan artdırdı. Atam məcbur olub bizi Bakı şəhərinə, uzaq qohumumuzun evinə göndərdi. Özü isə müharibə bitənə qədər rayonda qaldı.
Müharibə bizə didərginlik yaşatdı. Neçə-neçə evlərdə qalmalı olduq. Sıxıla-sıxıla, utana utana. Təkcə onu düşünürdüm ki, evimizə qayıda biləcəyikmi? Məktəbimizə gedə biləcəyikmi? Doğma evimizdə rahat yatacağammı, həyətimizdə gəzə, oynaya biləcəyikmi? Elə darıxmışdım ki… İnsan evindən uzaq düşəndə evinin, doğmalarından uzaq düşəndə doğmalarının qədrini bilir. Müharibə çox qorxuludur. Olanlarını itirmək bir anın içində olur. Bir də onları, oraları görəcəksənmi deyə düşünürsən.
Atam ilk qələbə sevincini də elə rayonda aldı. Biz isə ordumuzun qələbələrini hər gün televizor ekranlarından izləyir, qəlbimiz qürur hissi ilə döyünürdü. Ancaq hər gün oğullarımızın şəhid olmasını, anaları, bacıları, qız gəlinləri gözü yaşlı görmək nə qədər ağır idi.
Cəmi 44 gün! 30 ildir işğal altında olan torpaqlarımız 44 günə azad edildi. Azərbaycan öz şanlı salnaməsinə yeni bir tarix yazdı – özü də qızıl hərflərlə. Məşhur rus siyasətçilərindən biri Azərbaycan xalqı üçün belə bir cümlə işlətmişdi: “Bu xalq yatmış şirə bənzəyir, hər oyanışında bu xalqın qarşısına çıxmaq mümkün deyil.” Bəli, artıq “Yatmış şir” oyandı. Bu aslan xalqın qarşısında qorxaq erməni tab gətirə bilmədi. Əsgərlərimiz düşmənin başını, Prezidentimizin təbirincə desək “Dəmir Yumruq”la elə əzdilər ki, bu baş çətin ki, boynunu bir də özgə torpaqlara uzatmış ola.
Payız fəsli bizim xalqımız üçün çox düşərlidir desək, yanılmarıq. Gözəl bir payız günündə 1991-ci il oktyabrın 18-də xalqımız öz müstəqilliyini bərpa etmişdir. Növbəti bir payız sevinci 2020-ci il noyabrın 8-i. Bu payız isə bizə əsl qələbə sevincini yaşatdı.
2020-ci ilin payızı Azərbaycan xalqı üçün doğrudan da “Qızıl payız”dır. Adını tarixə qızıl hərflərlə yazan “Qızıl payız”!
Payız, fəsillərin gözəlisən sən,
Şəfəqin nur saçdı ellərimizə!
Bütün fəsillərin özəlisən sən,
Qələbə sevincin yaşatdın bizə…
Məmmədzadə Jalə
Ağdam Rayon 14 nömrəli Texniki Fənlər Təmayüllü məktəbliseyi – X sinif