Muradova Fidan
II Qarabağ müharibəsi 2020-ci ilin payızında, sentyabrn 27-də başladı. Döyüş başlayandan bir neçə gün keçdi. Bərdəyə erməni quldurları raket zərbəsi endirdilər. Həmin günü əmimqızı Aysunla məhlədə oynayırdıq, raket düşən zaman gurultu səsindən mənim ürəyim getmişdi. Bir neçə gün sonra erməni terrorçuları Bərdəni yenə raket atəşinə tutdular. Valideynlərim qardaşımı və məni Bakıya, bibimgilə göndərdilər. Artıq oktyabrın 28-i idi. Günorta vaxtı eşitdik ki, Bərdəyə, yanğınsöndürmə məntəqəsinin yaxınlığına ikinci raket zərbəsi endirilib. Biz hamımız dəhşətə gəlib ağlayırdıq. Elə sandım ki, ailəm şəhid olub. Bu çox dəhşətli idi. Məni sakitləşdirmək istəyirdilər. Xəbər gəldi ki, əmim Amil şəhid olub. Bu çox ağır xəbər idi. Özümə yer tapa bilmirdim. Əlbəttə, bütün şəhidlər üçün ağlayırdıq, ancaq ailədən birini itirmək çox böyük dəhşət imiş.
Bu terror nəticəsində 27 Bərdə sakini şəhid oldu. Gəncə şəhərinə də bir neçə dəfə raket zərbələri atdılar. Orada neçə körpələr şəhid oldu, neçə ailələr başsız qaldı, ailələr parçalandı. Bütün bu dəhşətlərə baxmayaraq nə xalqımızın, nə ordumuzun döyüş ruhunu sındıra bilmədilər. Xalqımızın hər bir sakini, körpə də, qadın da, qız da, qoca da vətənin əsgəri idi. Ailəmizdə olan bu faciəyə baxmayaraq canımda, qanımda döyüş ruhu vardı. Hətta bacarsaydım, bəlkə əsgərlərimizlə çiyin-çiyinə vuruşardım. Ürəyim qisas eşqiylə yanırdı. Bu müharibə bizim Vətən eşqimizi daha da alovlandırdı. Çox şükür ki, Vətən müharibəsindən qalib çıxdıq. Qarabağ həsrəti sona yetdi.
Allah Ali Baş Komandanımızı və əsgərlərimizi qorusun!
Muradova Fidan
Bərdə şəhər Nizami Gəncəvi adına
2 nömrəli beynəlmiləl tam
orta məktəbi – X sinif