Mustafayeva Şəlalə
27 sentyabr 2020-ci ildə saat 6-da güclü bir səsə oyandıq. Mərminin səsindən, gurultusundan adamın qulaqları tutulurdu. Səsdən qorxub yerə oturdum. Ayaqlarım sanki yerə kilidlənmişdi. Bu zaman atam yanıma gəlib əli ilə qulaqlarımı tutdu və mənə dedi:
– Qorxma, qızım, atan bizim igidlərdir. İndi gedək, kənddən çıxmalıyıq.
Atam məni maşına apardı. Maşınla getdikcə kəndimizdəki insanları görürdüm. Çoxu maşınla, bəziləri isə piyada qaçırdı. Hələ kəndimizdən çıxmamışdıq ki, bu zaman maşının arxasınca qaçan itimizi gördüm. Gözləri ilə sanki bizə yalvarırdı ki, onu da aparaq. Amma bu mümkün olmadı. Biz Quzanlıda eşitdik ki, ermənilər yenə atəşkəs rejimini pozub. Atam bizi nənəmgilə – Ağcabədiyə apardı. Əmimgil, babamgil başqa yerə getdilər. İlk dəfə idi ki, balaca ailəmiz səpələnmiş, dağılmış idi. Qorxurdum ki, bir də əmimgili görməyəm. Maşının arxasınca gözdən itənə qədər əmimgilə baxırdım. Sonra onları daha görmədim və qarşıya çöndüm. Bu zaman anamın gözlərindən axan yaşı gördüm. Anama sual verdim ki, ana niyə ağlıyırsan? Anam cavab vermədi və məni qucaqladı. Mən də onun göz yaşlarını sildim. Nəhayət, gəlib nənəmgilə çatdıq. Atam bizi qoyub kəndə qayıtdı. Ağcabədidə də silah səsləri eşidilirdi.
Bir neçə gün sonra televizorda xəbərlərdə erməni vandalları tərəfindən işğal altında olan torpaqların azad edildiyini eşitdik. Atam qaçqın idi. O, öz yurdundan, kəndindən – Ağdam torpağından didərgin düşmüşdü. Didərginliyin nə olduğunu bilən atam bizi başqa yerə aparanda nələr yaşadığını uşaq da olsam anlayırdım. Heç bir valideyn ailəsinin, uşaqlarının didərgin olmasını istəməz. Atam üzümüzdən öpürdü, amma gözümüzə baxmırdı. Mən atamı başa düşdüyümdən onu möhkəm qucaqlayıb, çoxlu-çoxlu öpdüm. Nələr demək istədiyimi atamın hiss etdiyini bilirdim. Azad edildiyi ərazilərdən danışan zaman babamın və nənəmin gözlərindəki yaşı gördüm. Bizim kəndimizə də mərmilər düşmüşdü. Kəndimizdə hərbi texnika yox idi. Amma buna baxmayaraq ermənilər mülki əhalini də atəşə tuturdu. Sonra atam bizə zəng elədi ki, əmim Mustafayev Niyaməddinin evinə top düşüb. Çox qorxdum. Bunu eşidəndə anam əmimgillə danışdı. Bir neçə gün sonra atam bizə yenə zəng elədi ki, kəndimizdəki Eyvaz kişinin həyətinə mərmi düşməsi nəticəsində Eyvaz kişi şəhid olub. Eyvaz baba evini qoyub çıxmamışdı. Mən daha çox qorxdum ki, atama nəsə olar. Onun üçün atama dedim ki, ata, gəl, xahiş edirəm. Sənə bir şey olarsa, bəs biz neyniyərik? Atam mənə dedi:
– Qızım, əgər hamı bu torpağı qoyub qaçsa, bu torpağı kim qoruyacaq? Atam kəndimizdəki kişilərlə bir yerdə qalırdı.
Daha sonra qaldığımız Ağcabədinin yeni Qaradolaq kəndində də atəş səsləri eşidildi. Atam Ağcabədidə bir ev tapdı və biz 11 ailə bir yerdə qaldıq. Ağcabədiyə də mərmi düşdü və bir uşaq öldü. Atam qardaşımla məni Bakıya yolladı və kəndə döndü. Biz gedəndə anam ağladı ki, ailəm pərən-pərən düşdü.
Oktyabrın 30-da anam atamın yanına kəndə qayıtdı. Onda çox qorxurduq ki, onlara bir şey olar. Atamla danışdığımız zaman telefonda silah səsləri eşidilirdi. Atama dedim ki, çıxın. Atam isə dedi ki, həyətdə qazdığımız səngər var, silah səsi eşidəndə anan və mən səngərə giririk. Noyabrın 10-u əmim zəng elədi ki, torpaqları igid əsgərlərimiz azad edib. Bir neçə gün sonra qardaşımla mən kəndə qayıtdıq. Kəndimizdəki insanları görəndə çox sevinmişdim və hər bir insanın əlində, maşının üstündə dalğalanan üçrəngli bayrağımızı gördüm. Hər kəs bir-birini təbrik edir və bir-birini qucaqlayırdı. Bu mənim 44 günlük Vətən Müharibəsində yaşadıqlarım idi.
Mustafayeva Şəlalə
Ağdam rayonu 91 nömrəli
tam orta məktəbi – XI sinif