Namazova Nəzrin
44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün Zəfər günü, xeyirin şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir.
44 günlük müharibə başlayandan bəri artıq 2 dəfə erməni vandalları Gəncəyə raket zərbəsi endirmişdilər. Üçüncüsü və ən dəhşətlisi isə oktyabrın 11-də gecə saat 2-də atdıqları raket idi. Həmin vaxt mən öz otağımda yatırdım. Birdən dəhşətli bir gurultu səsinə oyandım. Ürəyim bərk-bərk döyünür, boğazım məndən ixtiyarsız quruyurdu. Mən qorxulu yuxu gördüyümü sandım, ancaq evdə valideynlərimin otağının işığının yanmasından və səs-küy səslərindən bildim ki, nəsə ciddi bir hadisə baş verib. Valideyinlərim cəld mənim otağıma gəldilər, hər ikisi də məni qucaqlayıb sakitləşdirməyə çalışırdılar. Bir neçə saat içərisində şəhərdə, biz yaşadığımız ərazidə təcili yardım, polis, yanğın söndürən maşınlarının səsləri eşidilməyə başlandı. Bizim yaşadığımız ərazidən təxminən bir km məsafəyə raket atılmışdı. Bizim ev o dərəcə zərbə almadığından dağıntı yox idi. Lakin raketin düşdüyü yer darmadağın olmuşdu. Mən çox qorxmuşdum. Atam bir qədər sonra oraya getdi, anamla mən isə yaxınlarımızla əlaqə yaratmağa çalışırdıq. Bizim zənglərimizin cavabsız qalması bizi qorxudur və narahat edirdi. Daha sonra öyrəndik ki, həlak olanların içərisində bizim yaxınlarımız da olub. Həmin gecədən sonra mən tez-tez yuxudan səksənib oyanırdım, belə bir hadisənin təkrarlanması məni çox qorxudurdu. Amma məni təsəlli edən isə bu vəhşiliyi bizə edənlərə qarşı cəbhədə verilən layiqli cavab idi.
44 gün davam edən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil. Çünki müharibənin hər dəqiqəsi, hər saatı dəhşətlidir. Danılmaz həqiqətdir ki, müharibədə qələbə, döyüş meydanında tökülən qanlar hesabına qazanılır.
Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır!” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi. 44 günlük haqlı mübarizəmizin qələbə ilə başa çatması bizim yaralarımızı xeyli sağaltdı. Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə şəfa diləyirik!
Namazova Nəzrin
Gəncə şəhər 31 nömrəli tam
orta məktəbi – X sinif