Qasımzadə Banu
27 sentyabr 2020-ci ilin səhərini atəş səsləri altında açdıq. Nə baş verdiyindən hələ xəbərsiz idik. Hamımız çaşqınlıq içərisində bir xəbər gözləyirdik. Nəhayət, bu səslərin nə olduğunu televiziyadan öyrəndik. Bəli, Vətən müharibəsi başlamışdı.
Mən də bütün xalqımız kimi sevinirdim. Çünki düşmənə, nəhayət ki, layiq olduğu cavabı verməyin vaxtıdır. Amma həm də çox kədərlənirdim ki, itkilərimiz də olacaqdı. Günlər bir-birini əvəz edirdi. Müharibədə nələr yaşanırdısa, biz də onların şahidi olurduq. Amma biz həmçinin müharibə cinayətlərinin də şahidi olurduq. Bizim bildiyimiz müharibə hədəf kimi hərbi obyektləri seçməli idi. Amma biz nəyin şahidi olduq?!
Günlərin birində cəbhə bölgəsindən uzaqda yerləşən Bərdə də bu qanlı cinayətin şahidinə çevrildi. Atılan mərmilər nəticəsində bir neçə dəqiqənin içərisində şəhər qan gölünə döndü. Heç kim mülki əhaliyə qarşı belə bir cinayətin törədiləcəyinə inanmırdı. Hamı gündəlik işi ilə məşğul ikən özünü bir anda dəhşətin içərisində gördü. Bir yandan təcili tibbi yardım maşınlarının, digər tərəfdən yanğınsöndürən maşınların hadisə yerinə tələsməsi bizi həyəcanlandırmaya bilməzdi. Hadisədə zərər çəkmiş, qətlə yetirilmiş insanların yaxınlarının ah-naləsini sözlə ifadə etmək olmur.
Mən müharibəni filmlərdə görmüşdüm, kitablardan oxumuşdum. İndi isə canlı şahidi olurdum. Təsəvvür etdiklərim kimi deyildi. Ermənilərin törətdikləri mənim yaddaşımda həyatım boyu unutmayacağım iz qoydu. Bərdəmizə vurulan bu ağır zərbənin balaca şahidi oldum. Bu dəhşəti yaşamaq çox çətin idi. Birdən-birə eşitmədiyin səs, ağlına gəlməyən ölüm-itim, insan faciəsi adamın qanını dondururdu. Ailədə uşaqların, atanın, ananın ölümü, yetim qalan uşaqlar. Bunların həyatını uşaq da olsam düşündükcə, məni dəhşət bürüyürdü. Bunların sonrakı taleyi necə olacaq? Həyatları boyu necə yaşayacaqlar? Bu sualların özünü düşünmək belə ağırdı, faciəlidi.
Ordumuzun hər gün əldə etdiyi qələbə, doğma Qarabağımızın öz əbədi-əzəli sahibinə qayıtması bizə təsəlli verirdi. Mən bu gün azad vətənimin azad vətəndaşı olmağımla fəxr edirəm.
Qasımzadə Banu
Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü
məktəb-liseyi – X sinif