Quliyeva Ləman
Mən, Quliyeva Ləman Rəfail qızı. Bərdə şəhər N. Nərimanov adına 3 nömrəli tam orta məktəbin Xl b sinfində oxuyuram. Müharibədən bəhs edən kinolara baxanda, kitablar oxuyanda dərin sarsıntı keçirirdim. Bu haqqsızlığa dözə, o məsum körpələrə, qocalara necə qıydıqlarını heç cür başa düşə bilmirdim. Bu vəhşiliyin son həddi idi. Nə qədər aciz, qəddar olasan ki, şirin-şirin yatmış körpənin canına qıyasan. Yadıma düşdükcə qəhər məni boğur. Heç vaxt ağlıma belə gəlməzdi ki, bir gün o hadisələrin canlı şahidi olaram.
2020-ci il sentyabrın ayının 27-si başladı hər şey. Tərtər cəbhəyanı zona olduğu üçün atışma səsləri çox aydın eşidilirdi. Doğrusu həyəcanlandım, amma bir yandan da içimdə bir rahatlıq tapdım, çünki ordumuzdan arxayın idim. Onlar bizim evimizdə rahat yaşamağımız üçün səngərdə düşmənlə üz-üzə idilər. Torpaqlarımızı azad etdikcə, ordumuz daha da irəli gedərək mənfur düşmənı öz cənginə alırdı. Aciz düşmən də artıq məğlub olduqlarını anlamağa başlamışdı. Və bizim canımızı yandırmaq üçün dinc əhalini özlərinə hədəf seçirdilər. Hətta qadağan olunmuş raketlərdən olan “İsgəndər” və “Smerç”dən çəkinmədən istifadə edirdilər.
İlk öncə Gəncə terrorunu törətdilər. Uşaqlar anasız-atasız, analar oğullarsız qaldı. Axı, nə idi onların günahı?! Düşmən də gərək mərd ola. Yerli əhalinin həlak olmasına baxmayaraq mənfur düşmən bizim əzmimizi sındıra bilmədi, bacarmadı. Daha sonra düşmən Bərdə terorunu törətdi. Bütün dünya erməni vandalizminin bir daha şahidi oldu. Oktyabrın 27-si Bərdə rayonunun Qarayusifli kəndinə raket atdılar. 8 yaşlı bir qızın həyatını son qoydular. Bir gün o qızcığazın ahı tutacaq onları. Mənfur düşmən bununla da kifayətlənmədi. 28 oktyabr saat 13 radələri idi. Evdə oturmuşdum, dərs oxuyurdum. Qəflətən partlayış səsi eşitdim. Çox qorxdum, tələsik çölə çıxdım. Bir neçə yerdən qatı tüstü qalxırdı. Rayonun mərkəzinə raket atmışdılar. Mən də orda yaşadığım üçün partlayış baş verən yerlər aydın görünürdü.
Döyüş bölgəsindən uzaqda yerləşən Bərdəyə atılan raket mərmiləri nəticəsində 27 nəfər həyatını itirdi, 15 nəfər qadın, 8 nəfər uşaq olmaqla, ümumilikdə, 70 nəfər xəsarət aldı. Bu ağrıları yaşamaq olmur. Körpələrin ölümünü gördükcə düşmənə nifrətin, qəzəbin artır. Hər şeyin sonu olduğunu düşünürsən. Bu yaşda bunları yaşamaq, bu qədər qəddarlıqla rastlaşmaq adama əzab verir. Ağrı üstünə ağrı gəlir.
Adamı bir az rahatlayan ordumuzun ard-arda qələbə qazanması, döyüş meydanında düşmənin cavabını verməsi olur. Çünki istər ön, istərsə də arxa cəbhədə olan hər kəsin qəlbi vətən eşq ilə alovlandırdı. Aciz düşmənin hədəfi Azərbaycan dövlətini süquta uğratması idi. Mənim myor rütbəli əmim də Murov uğrunda mübarizədə öz əsgərləri ilə birlikdə yaralandı. Müalicə aldığı dövrdə də müharibənin gedişini yaxınından izləyirdi. Yaralanmasına baxmayaraq, ön cəbhədə düşməndən qisas almağa can atırdı. Bu haqq savaşında biz tək deyildik. Əlbəttə, Türkiyə, Pakistan, İsrail də bizim tərəfdarlarımız idilər.
Nəhayət, noyabrın 9-dan 10-na keçən gecə cənab Prezidentimiz qələbə sevincini bizə çatdırdı. Ölkənin bütün şəhər və rayonlarında qələbə sevinci yaşanırdı. İllərdir xəyalımızda canlandırdığımiz “Qarabağ”ı görmək bizə nəsib olacaq. Bu çox qürurverici hiss idi. Bu gün isə Qarabağın abadlaşdırılması işləri həyata keçirilir. Axır ki, Ulu Öndərimizin ruhu şad oldu. Çünki Ali Baş Komandanımız ata vəsiyyətini yerinə yetirmişdi. Biz gənc nəslin borcu isə, vətənə sadiq, layiqli övlad olmaq, canımız və qanımız bahasına bu doğma yurdu qorumaqdır.
Mən fəxr edirəm ki, Azərbaycanlıyam!
Quliyeva Ləman
Bərdə şəhər Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbi – XI sinif