Quluzadə NurayAğdam 

Quluzadə Nuray

Salam. İlk növbədə bu layihəni həyata keçirdiyiniz üçün sizə minnətdaram. Mən, Quluzadə Nuray X sinif şagirdiyəm. Atam Qarabağ veteranı, anam şəhid qızıdı. Qardaşım Tovuz döyüşünün və 44 günlük müharibənin iştirakçısıdır. Bacım isə VII sinifdə oxuyur. Bəli, mən 44 günlük müharibənin şahidiyəm və istərdim bu hissləri sizinlə bölüşüm.

Axşam idi. Atamın dostu bizə xəbər verdi ki, vəziyyət yaxşı deyil, uşaqları təhlükəsiz yerə göndərmək lazımdır.

Həmin vaxt atam bacımı və məni Quzanlıya, şəhid babamın evinə apardı, özü isə kəndə qaydıtdı. Qaradaşım Tovuzda hərbi xidmətdə idi. Partlayış olan vaxt mən Quzanlıdaydım. Yaşayış yerimiz dağıntılara məruz qaldı.

Valideynlərim müharibə ağrısını yaşamış insanlar olduğundan, onların söhbətlərindən müharibənin nələr yaşatdığını anlayırdım. Hər dəfə atəş açılanda atamın gözündəki kədəri görürdüm. Onun nələr yaşadığını bir övlad kimi duyurdum. Amma 27 sentyabrda başlanan 44 günlük müharibədə onun gözlərindəki sevinci gördüm. Çünki atam artıq ordumuzun qələbəsinə inanırdı. Müharibə deyəndə ilk dəfə sevinən atama baxıb mən də qələbəmizə inandım. Müharibənin nə olduğunu yaxşı bilən, müharibə veteranı olan atamın qələbəyə olan ümidi məni sevindirirdi.

Uzun illərdir üstü qarğı ilə örtülmüş balaca torpaq evdə yaşayırdıq. Yağış yağarkən evimizə su damdığından evin içi palçıq olurdu. Allaha sonsuz şükürlər olsun ki, indi evimiz var. Döyüş vaxtı qonşumuzun evinə düşən raket zərbəsindən evimizin bünövrəsi zədə aldı. Amma qəlbimizdə həmişə “Evimiz dağılsa da olar, təki əsgərlərimiz sağ olsun, itkilərimiz olmasın!” fikrini yaşadırdıq.

Açığı öz yurdumdan ayrı düşəcəyimdən çox qorxurdum. Həm müharibənin qorxusu, həm qardaşımın ön cəbhədə olması, həm də Şəhidlərimizin xəbəri məni dəhşətə gətirirdi. Əlbəttə, torpaq qanla qarışanda Vətən olur. Bəzən də düşünürəm ki, bəs Şəhidlər, bəs Şəhidlərimizin anaları?! Ailələri?! Övladları?! Hər zaman qapı döyüləndə “Atam gəldi!” – deyib qapını açan övladlar indi qapı arxasında qaldılar. İndi onların “Ata ümidi” söndü. Əsgərlərimizin yuxusuz gecələri, şəhidlərimizin qanı yaşamağımıza səbəb oldu. Şəhidlərimiz “Siz yerin üstündə rahat yaşayın!” deyərək özlərinə yerin altında məskən saldılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Müharibədə çox sarsıntılar yaşadım. Həyəcanlandım.

Həmyaşıdlarıma vətənə və cəmiyyətə layiqli övlad olmağı, tariximizi, xalqımıza qarşı edilən haqsızlıqları, cinayətləri, amansız qətlləri, insanların haqsız yerə axıdılan göz yaşlarını, Xocalının müsibətini, qan yaddaşımızı unutmamağı tövsiyə edərdim. Ermənilərin xain və vəhşilyini, quduz quzğun kimi doluşub Xocalını qətlə yetirmələrini, günahsız insanların haqsız yerə qanını tökmələrini, körpələrə necə əzab verib öldürdüklərini, Azərbaycan dövlətinin inkişafını görüb gözü götürməmələrini, bir qarış torpaq üstündə minlərlə insanın ölümünə səbəb olmalarını dünya ictimaiyyətinə birlikdə çatdırmağımızı istərdim. Düşmənlər bilsinlər ki, bizim İlham Əliyev kimi Ali Baş Koman-
danımız, məğrur, şərəfli, qəhrəman, məğlub edilməz ordumuz var.

Məni dinlədiyiniz üçün sizlərə təşəkkür edirəm. Başda Ali komandana, əsgərlərimizə, Qazilərimizə, Şəhidlərimizə və onların analarına dərin təşəkkürümü bildirirəm.

Yaşasın Cənab Prezidentimiz! Yaşasın Azərbaycan ordusu!

 

Quluzadə Nuray
Ağdam rayonu I Sarıcalı kənd
tam orta məktəbi – X sinif

Əlaqədar yazılar