Sadıqova Lalə
2020-ci ilin II Qarabağ müharibəsi yeni tarix yazdı. Mən bir şagird və Azərbaycan vətəndaşı kimi bu yeni, möhtəşəm tarixin şahidlərindən biri oldum. Qalib bir ölkənin yeniyetməsi olmaq nə qədər qürurverici olsa da, bu müharibənin ağrılı, dəhşətli tərəflərini də görməmək mümkün deyil. Əslində, müharibənin dəhşətləri haqqında hamı məlumatlıdır. Müharibə qandı, itkidi, dağıntıdı, ölümdü. İnsana ağrı yaşadan nə varsa, müharibədə var. Müharibənin vurduğu yara uzun çəkir, çətin sağalır. Ölüm və dağıntının ağrısı dərinə işləyir.
Müharibə tək bir dövlətə deyil, böyükdən kiçiyə kimi bütün vətəndaşına, ölkənin iqtisadiyyatına zərər vurur. Müharibə qalibiyyətlə nəticənlənsə belə. 2020-ci il II Qarabağ müharibəsinə nəzər salsaq, görərik ki, müharibədən qalib bir dövlət kimi çıxsaq da, nə qədər böyük zərbələrin olduğunu gördük. Bir halda ki, bizim əbədi və əzəli düşmənimiz ermənidir, həddindən artıq dağıntıların, itkilərin olması qaçılmaz idi. Həmin günlərdə təkcə ön cəbhə deyil, arxa cəbhənin də nə kimi xəsarətlər aldığının şahidiyik. Günahsız körpələrin qətli, hər iki valideynini itirmiş övladların göz yaşları, hətta bir ailənin məhv olmasını da gördük. Yaddaşa ömürlük yazılan bu hadisələr, aradan zaman keçsə də, sanki adamı hər gün izləyir. Unuda bilmirsən. Unutmağa qoymur.
Müharibə bölgəsindən uzaq şəhər və kəndlərimizin düşmən tərəfindən bombalanması, dağıntılara məruz qalması, aramsız gələn şəhid xəbərləri müharibənin ən acı tərəflərini bizə göstərdi. Çox təəssüf ki, bunların şahidi olan biz-gənc nəsil hələ də bu acı həqiqətlərlə üz-üzəyik. Əlbəttə ki, biz 44 günlük müharibədə vətən torpaqlarımızı düşmən işğalından azad etdik. Bu qələbə neçə-neçə igid oğulların qanı, canı bahasına başa gəldi. Bu Vətən uğrunda neçə şəhidlər qurban verdik. Analarımızın, atalarımızın, bacılarımızın, qız-gəlinlərimizin və körpələrimizin gözlərində niskini, kədəri gördük. Bu da müharibənin acı həqiqətləridir. Biz 30 ildə səbir edib sülh yolunu gözlədik. Təəssüf ki, dünya buna göz yumdu. Artıq xalqın səbri daşdı, başda Ali Baş Komandanımız olmaqla xalq ayağa qalxdı. “Yetər, bu zülüm, yetər, bu haqsızlıq!” – dedi. Sonda haqq öz yerini tapdı. Düşmənin mənfur əməllərini bu müharibədə yenidən görmüş olduq. Qalibiyyət bizim olsa da, mən bunların şahidi olan bir Gəncə sakini kimi heç bir dövlətə müharibə arzulamıram. Çünki müharibə bir ölkənin və bir xalqın faciəsinə səbəb olur. Nəticədə məhv olan yalnız şəhərlər, canlılar deyil, eyni zamanda minlərlə insanın ümidləri, arzu və istəkləridir.
Sadıqova Lalə
Gəncə şəhəri İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyi – XI sinif