Seydanzadə Ayişə
27 sentyabr 2020-ci ilin gözəl sakit bir sabahına oyandıq. Anam səhər süfrəsi hazırlayır, bacımla mən məktəbə getmək üçün hazırlaşırdıq. Anam kiçik qardaşımı oyatmağa çalışır, arada süfrəyə əlavələr edirdi. Yenicə süfrə başında oturmuşduq ki, dəhşətli gurultu qopdu. Əvvəl nə olduğunu anlamadıq, hamı təlaşla bir-birinə baxırdı. Səslərin isə ardı-arası kəsilmirdi. Atam bizi birinci mərtəbəyə düşürdü, ora betondan və güvənli idi. Kiçik qardaşım əlləri ilə qulaqlarını tutub anamın qucağına sığınmışdı. Bacımla mən sakit durub özümüzü qorxmamış kimi göstərməyə çalışırdıq. Əslində isə ürəyim tez-tez vurur, əllərimin içi tərləyirdi. Atam xəbər gətirdi ki, düşmən hücuma keçib, yenə həmişəki kimi öz alcaqlığını göstərərək yaşayış ərazilərini, dinc əhalini hədəf alıb. Əsgərlərimiz onlara layiqli cavab verirdilər, lakin atam bizim burada qalmağımızın əsgərlərimizə maneçilik törədəcəyini bildirdi. Biz kəndimizi tərk etmədik. Bütün kənd birlikdə oldu. Hamı bir-birinə kömək edir, çörəyini, suyunu paylaşırdı.
Mərmilər atılmaqda davam edirdi. Kəndimiz cəbhə xəttindən o qədər də uzaqda olmadığından atəş səsindən qulaq tutulurdu. Hər an kiminsə evinə mərmi düşə bilərdi. Faciə yaşadan mərmi. Ölümdən qorxmadığımızı, düşmənə meydan oxuduğumuzu, əsgərlərimizin arxasında olduğumuzu sübut etməyin vaxtı idi.
Bu müharibəni müzəffər ordumuzla xalqımızın möhtəşəm birliyi uddu. Xalqımız heç vaxt belə birləşməmişdi. Uşaqlı-böyüklü hamı ordumuzun, müzəffər əsgərlərimizin yanında idi. Əsgərlərimizi də ruhlandıran bu mənəvi hislər idi. Yanımızdan ötən əsgər maşınlarına “Yaşasın Azərbaycan Əsgəri!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirir, qoca nənələr dualar edir, balaca uşaqlar əsgər salamı verirdilər. Əsgərlər bu sevgini təbəssümlə qarşılayırdılar. Sanki döyüşə yox, toya gedirdilər. Üzlərində sevinc, gülüş var idi. Bu Qələbənin təzahürü idi.
Bizə qələbə sevinci yaşadan Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə şəfalar diləyirəm!
Seydanzadə Ayişə
Tərtər rayonu Mehman Qarayev adına Qaraağacı kənd tam orta
məktəbi – XI sinif