Vəliməmmədli Xalidə
26 sentyabr 2020-ci il. Axşam üstü idi. Həmişəki kimi sinif yoldaşlarım ilə məktəbdən gəlirdik. Sanki havada barıt qoxusu var idi. Qəsəbə sakinlərində həyəcan, təşviş hiss olunurdu. Erməni silahlı qüvvələri atəşkəsi tez-tez pozurdu. Hər tərəfdə müdafiə məqsədi üçün hərbi texnikalar yığılmışdı. Qapıdan içəri keçəndə anamın paltarlarımı yığdığını gördüm. Atam isə dedi ki, hazırlaşın sizi dayıngilə aparıram. Əvvəl biz getmək istəmədik. Lakin ermənilər hər an hücum edə bilərdilər deyə, evimizi tərk edib qonşu qəsəbəyə getdik. Səhərə kimi yata bilmədik.
Səhər saat 7-də güclü partlayış oldu. Bununla da II Qarabağ müharibəsi başladı. Topların vahiməli səsi, aramsız partlayışlar, təcili tibbi yardım maşınlarının səsi yaralı və şəhidlərimizin olmasından xəbər verirdi. Atam könüllü olaraq hərbi komissarlığa müraciət etmişdi. 44 gün qəsəbədən çıxmadı.
Qəsəbənin məktəbi, mədəniyyət evi, yolların kənarı insanlarla dolu idi. Oktyabrın 2-i günorta atılan mərmilərdən biri qaldığımız evin yaxınlığına düşdü. Hamı qışqırmağa başladı. Anam bizi əvvəlcədən həyətdə qazılmış quyuya getməyə səslədi. Çox qorxmuşdum, titrəyirdim. Qəlpələr şaqqıltı ilə evlərin üstünə yağırdı. Doğma evindən qaçıb uzaqda yox, həyətdə qazılan sığınacaqda gizlənmək belə adama çox ağır gəlir. Atəş səsi kəsiləndən sonra başını qaldırıb ilk axtardığın doğmaların olur, ilk baxdığın yer isə evin. Sağdılarmı, dağılmayıb ki? Şükürlər ki, doğmalarım da, evimiz də yerindəydi. Bilmirəm, onlara bir şey olsaydı neyləyərdim. Ara səngiyəndə Mingəçevirə – nənəmgilə getməyi qərarlaşdıq.
Axşam saat 9 radələrində evdəkilərə olan hadisələrdən danışırdıq. Qəflətən dəhşətli partlayış səsi gəldi. Ermənistan ərazisindən Mingəçevir istiqamətdə ballistik raketlər atıldı. Lakin bu raketlər Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək 20 kilometr hündürlükdə məhv edildi. Raketlər sanki yana-yana üzərimizə gəlirdi. Həmin an mənim ayaqlarım tutuldu. Stressdən gözlərimdə problem yaşandı.
Yazdıqlarım yaşadıqlarımın sadəcə kiçik bir hissəsidir. Ancaq xoşbəxtəm ki, biz qalibik. Yaşadıqlarım əbədi olaraq mənim xatirimdə qalacaq.
Vəliməmmədli Xalidə
Ağdam rayonu Ayaq Qərvənd qəsəbəsi 97 nömrəli tam orta məktəbi – X sinif