Yusifli Aygün
Mən Ağdam rayon Sarıcalı kəndində yaşayıram. Sentyabrın 26-sı gecə atəş səslərini eşitdik. Kənddən bir az uzaqlaşmaq qərarına gəldik. Bu mənim üçün çox çətin idi. Çünki evimdən, mənim üçün doğma olan məktəbimdən ayrılmaq istəmirdim. Mən evimizdən ayrılmazdan əvvəl şəhid olan əmimin (Yusifov Kənan Şahin oğlu) şəklinə baxaraq söz verdim ki, biz qələbə sevinci ilə öz evimizə qayıdacağıq. Mənim rəşadətli ordumuza güvənim sonsuz idi. Əmimin üzündəki gülüş sanki qələbə qazanacağımızdan xəbər verirdi. Biz Ağdam rayonunun Xındırıstan kəndinə getdik. Gecəni burada keçirdikdən sonra səhərə yaxın şiddətli atəş səslərini eşitdik. Getdikcə atəş səsləri daha da şiddətlənirdi. Ağdam rayonunun Quzanlı qəsəbəsinin buradan daha təhlükəsiz olduğunu düşünərək oraya doğru yola düşdük.
Bu müharibə digərlərindən fərqli idi. Çünki atəş səsləri daha çox eşidilirdi. İnsanların üzlərindəki təlaş çox aydın görünürdü. Onlar öz doğma yurdunu qoyub getmək istəmirdilər. Biz maşını yolun kənarında saxladıq. Burada çoxlu insanlar var idi. Hər kəs maşından düşüb ətrafa boylanaraq nə olduğunu anlamağa çalışırdı. Güclü atəş səslərinin təsirindən balaca uşaqlar ağlayırdılar. Bu mənə çox pis təsir bağışlayırdı.
Daha sonra biz Ağdam rayonunun İmamqulubəyli qəsəbəsinə getdik. Yolun kənarı insanlarla dolu idi. Onların gedəcək yerləri yox idi. Biz burada qohumlarımızla rastlaşdıq. Onlarla bir qədər danışdıqdan sonra Ağcabədiyə getdik. Burada bir gecə qaldıqdan sonra Bakıya yola düşdük. Bir müddət Bakıda qalmalı olduq. Xəbərlərdə işgaldan azad olunan ərazilərin adları deyilirdi. Biz buna çox sevinirdik. Eyni zamanda da hüznlü idik. Hər müharibədə olduğu kimi bu müharibədə də itkilərlə üzləşdik. Nənəm televizorda hər şəhid xəbəri eşidəndə gözləri dolurdu. Sanki o günləri – əmimin şəhid olduğu anı xatırlayırdı. Bunların hamısı mənim diqqət mərkəzimdə idi.
44 gün ərzində bizim ordumuz qələbə qazandı. İnsanlar bir-birinə göz aydınlığı verirdi. Nəhayət, biz öz evimizə qayıtmaq üçün yola düşdük. Çoxlu dağılmış evlər gördük. Bu erməni vandalizminin törətdiyi fəsadlar idi. Ordumuza qarşı layiqli cavab verə bilmədiyindən qorxan ermənilər yaşayış ərazilərini atəşə tuturdular. Bu müharibə mənə müxtəlif təəssüratlar bağışladı. Düşmənə olan nifrətim daha da artdı. Yaşanan hisslərin çoxunu sözlə ifadə etmək olmur. Torpaqlarımızın azad edilməsi uğrunda vuruşan o qədər igidlərimiz var ki. Biz onların hamısını tanımasaq da, aldığımız hər nəfəsə görə onlara borcluyuq. Bizim ən böyük sərvətimiz vətəni qorumağı hər şeydən üstün tutan igidlərimizdir.
Qarabağ Azərbaycandır! Allah şəhidlərimizə rəhmət eləsin!
Yusifli Aygün
Ağdam rayonu I Sarıcalı kənd
tam orta məktəbi – X sinif